Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika Dövlət Elmi Tibb Kitabxanası

ELEKTRON KİTABLAR

    XİDMƏTLƏR


    Ədəbiyyatın komplektləşdirilməsi şöbəsi. Bu şöbə kitabxanaya daxil olan nəşrlərin, eləcə də digər informasiya daşıyıcılarının toplanması, qeydiyyatdan keçirilməsi, inventar kitabına daxil edilməsi, texniki işlənməsi, bəzi nəşrlərin digər kitabxanalara hədiyyə verilməsi ilə bağlı ədəbiyyatın aktlaşdırılması, tematik-tipoloji planın tərtib edilməsi, həmin plan üzrə ədəbiyyatın sifariş verilməsi və alınması, müxtəlif kitab mağazaları, mətbuat şirkətləri ilə əlaqələrin yaradılması ilə məşğul olur.

    Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsi. Bu şöbə əlifba kataloqu və sistemli kataloq bölmələrindən ibarətdir. Əlifba kataloqu alınmış nəşrlərin təsvirlərinin indeksasiyası, əlifba kataloqunda düzülməsi, həmin kataloqun müntəzəm redaktə olunması, bu kataloq üzrə oxuculara xidmət işinin təşkili və həyata keçirilməsi ilə məşğul olur. Sistemli kataloq bölməsi ədəbiyyat (kitablar, avtoreferatlar, jurnal və elmi topluların məqalələri, elektron informasiya daşıyıcıları və s.) təsvirlərinin KBT və UOT üzrə indeksləşdirilməsi, sistemli kataloqa düzülməsi, sistemli kataloqun müntəzəm olaraq redaktə olunmasını həyata keçirir, eləcə də həmin kataloq üzrə oxuculara xidmət edilməsini təmin edir. Şöbənin müntəzəm olaraq əlifba-predmet göstəricisinin zənginləşməsi ilə məşğul olur.

    Kitabsaxlayıcı şöbə. Bu şöbə elmi və texniki işləmədən keçmiş ədəbiyyatın toplanması, mühafizəsi, sifarişlər üzrə ədəbiyyatın oxuculara çatdırılması, fondun daima işlək vəziyyətdə olması, orada lazımi fiziki şəraitin yaradılması və qorunması ilə məşğul olur. Kitabsaxlayıcı şöbəyə depozitar bölmə daxildir. Bu bölmənin funksiyası artıq depozitara verilmiş ədəbiyyatın mühafizəsi və oxucuların ondan istifadəsinin təşkilindən ibarətdir.

    Kitabxanalararası abonement şöbəsi. Bu şöbənin vəzifəsi ölkəmizdə olan tibb kitabxanaları və digər iri miqyaslı kitabxanalar ilə əlaqələrin yaradılması, onlarla qarşılıqlı şəkildə oxuculara xidmət işinin təşkil edilməsindədir.

    Xidmət şöbəsi. Kitabxanada xidmət yalnız oxu zalları vasitəsilə həyata keçirilir. Şöbə oxuculardan sifarişlərin toplanması, onların yoxlanması, kitabsaxlayıcıdan alınmış ədəbiyyatın oxucuya çatdırılması, digər xidmət formalarının (müxtəlif sərgilər, informasiya günləri, mütəxəssis günləri və s.) təşkili, rədd cəvablarının təhlili, oxucu anketlərinin təşkili və təhlili kimi məsələlərlə məşğul olur. Bundan əlavə, fəal fondun təşkili, düzülüsü və həmin fond vasitəsilə oxuculara xidmət işi də şöbənin funksiyalarına daxildir.

    Biblioqrafiya şöbəsi. Şöbə kitabxanaya daxil olan nəşrlərin təsvir edilməsi, müxtəlif oxucu sorğuları üzrə biblioqrafik arayışların (şifahi, yazılı, faktoqrafik) tərtibi, müxtəlif səpgili biblioqrafik göstəricilərin (yeni daxil olan ədəbiyyat, mövzu, şəxsi, əlamətdar günlər və s.) tərtibi ilə məşğul olur. Şöbənin daxilində ölkəşünasliq bölməsi fəaliyyət göstərir. Bölmə kitabxanaya daxil olan Respublikamızda çıxan nəşrlərin (kitablar, avtoreferatlar, qəzet, jurnal və elmi toplular məqalələri və s.) təsviri, KBT üzrə indeksasiyası, ölkəşünaslıq sistemli və əlifba kataloquna daxil olunmasını təmin edir. Ölkəşünaslıq sistemli və əlifba kataloqları dil baxımından iki yerə ayrılmışdır: azərbaycan və rus dilləri. Bölmənin üzərinə düşən bir vəzifə müntəzəm olaraq həmin kataloqun redaktə olunması və bu kataloq üzrə oxuculara xidmət göstərməsindən ibarətdir.

    Elmi-metodik şöbə. Bu şöbə, ilk növbədə, tibb kitabxanaları şəbəkəsinə daxil olan kitabxanalarla iş aparır. Müntəzəm olaraq Bakıda yerləşən tibb kitabxanalarının kitabxanaçıları ilə seminarlar, müxtəlif məsələlərə həsr olunmuş treninqlər keçirir, yerlərə gedib orada onların işi ilə tanış olur və köməklik göstərir. Regionlarda olan kitabxanalara isə Səhiyyə Nazirliyinin icazəsi ilə ezamiyyət səfərləri təşkil olunur. Səfər zamanı mərkəzi rayon və şəhər xəstəxanalarının, tibb məktəblərinin kitabxanaları, taunəleyhinə stansiyaların kitabxanaları ilə tanış olur, onlara metodiki vəsaitlərin hazırlanması, kitabxanada gedən proseslərlə əlaqədar olaraq metodik işləmələrin hazırlanması ilə də məşğul olur.

    Xarici ədəbiyyat şöbəsi. Şöbə kitabxanaya daxil olan xarici dilli nəşrlərin (kitab, jurnal, elmi toplu, avtoreferat, elektron informasiya daşıyıcıları və s.) komplektləşdirilməsi, texniki və elmi işlənməsi, şöbənin əlifba və sistemli kataloqunun və kartotekasının təşkili və redaktə olunması, xarici ədəbiyyatdan ibarət kitabsaxlayıcının mühafizəsi və oxucuların fonddan istifadəsinin təşkili ilə məşğul olur. Şöbə həmçinin Ümumdünya Səhiyyə Təşkilatının materiallarının toplanması, onların işlənməsi və mühafizəsinə də nəzarət edir, lazım gəldikdə - bu materialların filial kitabxanalarına göndərilməsi ilə məşğul olur.